Təhsil naziri Emin Əmrullayev Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazir “Report”un sualına cavabında bildirib ki, idarənin harada yerləşəcəyi hələ ki müəyyənləşməyib.
"Şərqi Zəngəzur çox spesifik bölgədir. Bu bölgəyə daxil olan bütün rayonlar - Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər uzun müddət işğal altında olub. Hazırda azad olunan ərazilərdə hələ də minatəmizləmə əməliyyatları aparılır, infrastrukturun qurulması davam edir. Bu səbəbdən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin harada yerləşəcəyi məlum deyil. Həmin ərazilərdəki məktəblərə aidiyyəti üzrə təhsil idarəetmə orqanları nəzarət edir. Digər kompakt olan bölgələrdə isə ərazi üzrə sektorlar yerləşib. Ümid edirəm ki, çox qısa zaman ərzində sözügedən ərazilərdə bərpa işləri yekunlaşdıqdan sonra müvafiq inkişafa uyğun olaraq Təhsil Nazirliyi müvafiq qərar verəcək”, - E.Əmrullayev söyləyib.
Qeyd edək ki, hazırda Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsi Fuad Bədəlova həvalə olunub. Digər 11 regional təhsil idarələrinin rəhbərləri artıq kollektivə təqdim olunub.