Elm və təhsil naziri: Şagird sayı az olan məktəblərin birləşdirilməsi ilə bağlı siyahı hazırdır – MÜSAHİBƏ

Elm və təhsil naziri: Şagird sayı az olan məktəblərin birləşdirilməsi ilə bağlı siyahı hazırdır – MÜSAHİBƏ Elm və təhsil naziri Emin Əmrullayevin “Report” İnformasiya Agentliyinə müsahibəsi:
Elm və təhsil
14 İyun , 2024 14:14
Elm və təhsil naziri: Şagird sayı az olan məktəblərin birləşdirilməsi ilə bağlı siyahı hazırdır – MÜSAHİBƏ

Elm və təhsil naziri Emin Əmrullayev “Report” İnformasiya Agentliyinə müsahibəsində şagirdlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərdən tutmuş, məktəblərin optimallaşdırılması, müəllimlərin sertifikasiya imtahanı, şagirdlərin dərs yükü ilə bağlı valideynlərin narahatçılıqları ilə bağlı məsələlərə aydınlıq gətirib. Nazir eyni zamanda növbəti dərs ili üçün ali məktəblərə qəbul planına da toxunub.

"Report" Elm və təhsil naziri Emin Əmrullayevlə müsahibəni təqdim edir:

– Çıxışlarınızdan birində bir şagirdin təhsilinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin qeyri-bərabər bölüşdürüldüyünü demişdiniz. Bu mənada bərabərliyi təmin etmək üçün hansı addımların atılması zəruridir?

Bu məsələ daha çox azkomplektli məktəblərlə bağlıdır. Çünki Azərbaycanın coğrafiyası və landşaftı elədir ki, kiçik kəndlərdəki ümumi təhsil müəssisələrində cəmi 1-3 arası şagird oxuyur. Sırf iqtisadi baxımdan həmin məktəblərdəki şagirdə ayrılan vəsait onun şəhər yerində və ya böyük təhsil ocağında daha yaxşı təhsil almasına xərclənə bilər. Yaxud həmin vəsait daha çox şagirdin təhsilinə yönəldilə bilər. Təbii ki, bu məktəblərin bağlanmasından söhbət getmir, çünki bu addım daha çox rasionallaşdırma məsələsidir. Məsələ ondan ibarətdir ki, azkomplektli məktəblərdə bir şagirdə düşən orta xərc yüksəkdir, digər böyük məktəblərdə isə bu xərc daha azdır. Bütün şagirdlər Azərbaycan vətəndaşlarıdır və müəyyən mənada hamısı üçün eyni imkanlar yaradılmalıdır. Paradoks ondan ibarətdir ki, bir şagirdə daha çox vəsait xərclənən azkomplektli məktəblərdə tədrisin keyfiyyəti heç də yaxşı deyil. Hər zaman deyirəm ki, sinifdə şagird-müəllim nisbəti aşağı olan məktəblərdə tədrisin keyfiyyəti ilə daha ciddi problemlərimiz var, nəinki nisbət fərqi yuxarı olan siniflərdə. Ona görə də bu məsələdə baxışımız ondan ibarətdir ki, bərabərlik alətlərindən danışırıqsa, dünyanın hər yerində daha çox adambaşına maliyyələşmə sistemi var və biz də bu sistemə keçidi planlaşdırırıq.

Bu il artıq bir neçə pilot məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçidi nəzərdə tutmuşuq. Lakin biz hələ bunun hansı model əsasında həyata keçirilməsinə baxmalı, müəyyən ölçmə və hesablamalar aparmalıyıq. Daha sonra digər islahatlar kimi bunu da müxtəlif mərhələlərlə tətbiq edə bilərik. İlkin mərhələdə pilot layihəyə, yəqin ki, rayonlardakı məktəblərdən başlanılacaq, çünki Bakıda maksimum bir-iki belə məktəb ola bilər. Amma rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır. Bir daha təkrar edirəm ki, bu, heç bir halda hər hansı məktəbin bağlanması və ya orada işləyən müəllimlərin iş yerlərini itirməsi anlamına gəlmir. Sadəcə, adambaşına maliyyələşmə sistemi müəyyən mənada sovet dövründən bizə miras qalan “stavka” və s. bu tipli sistemləri yeniləri ilə mütləq əvəz etməliyik.

– Məktəblərin optimallaşdırılması məsələsi də gündəmdə idi. Bununla bağlı nə kimi addımların atılması nəzərdə tutulur? Neçə məktəbin birləşdirilməsi, yaxud ləğv olunması nəzərdə tutulur?

Optimallaşdırmanı qətiyyən ləğv və ya məktəb bağlanması kimi başa düşmək düz deyil. Ölkədə müxtəlif – ibtidai, orta və tam orta təhsil səviyyələri var. Nazirlik olaraq inandığımız budur ki, hər yaşayış məntəqəsində mütləq bir məktəb olmalıdır. Çünki məktəb həmin kəndin, qəsəbənin elm ocağı, gələcəyi ilə bağlı ümididir. Bu nöqteyi-nəzərdən niyyətimiz hər hansı məktəbi bağlamaq deyil. Hesab edirəm ki, daha çox ibtidai yaşda şagirdlər öz kəndlərində, yaşadıqları yerdə təhsil almalıdırlar. Çünki azyaşlını bir qədər uzağa daşımaq və valideyni tərəfindən aparılmasını təmin etmək çətindir. Hətta müəyyən mənada doğru deyil. Bundan başqa, hesab edin ki, azkontingentli məktəblərin 10-11-ci siniflərində bir və ya iki şagird təhsil alır və biz bu vəsaitlə onu daha böyük və keyfiyyətli məktəbə gətirməklə tədrisini təmin edə bilərik. Bununla bağlı müəyyən işlər görülüb, müəyyən siyahı da var. Amma hansı ardıcıllıqla və necə icra olunması ilə bağlı məsələlər, yəqin ki, sentyabr ayında konkretləşəndən sonra ictimaiyyətə açıqlanacaq.

– Sertifikatlaşdırmadan kəsilənlərin bəzilərinin sonradan sosial pedaqoq kimi işə qəbul edildiyini gördük. Onların bir müddət sonra aktiv tədris prosesinə cəlb olunmayacağına necə zəmanət verilə bilər? Builki təkrar sertifikatlaşdırma imtahanlarından uğursuz nəticə əldə edən müəllimləri nə gözləyir?

- Sertifikatlaşdırma məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 90%-nin əməkhaqqısının artmasıdır, yəni bu proses 90% müəllimə müsbət təsir edir. Ötənilki sertifikatlaşdırma imtahanından fərqli olaraq, bu il riyaziyyat və xarici dil fənləri də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80%-nin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35% artacaq. Sertifikatlaşdırmanın bu tərəfini unutmaq olmaz.

Sertifikatlaşdırma imtahanında iştirak edən hər beş müəllimdən biri kəsilir, yəni hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir. Əgər müəllim ona verilən iki şansda uğur qazanmayıb nailiyyət əldə edə bilmirsə, bunun ağrılı və acılı olmasını anlayırıq. Təbii ki, həmin şəxslərlə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır. Yəni nə qədər gec addım atılacaqsa, bu bir o qədər daha ağrılı olacaq. Ona görə də bu addımı daha tez atmaq məsləhətdir. İnandığımız ondan ibarətdir ki, müəyyən faiz müəllimlər üçün keçirilən təlimlərin nəticələri əvvəlkilərə görə müsbət nəticə verəcək.

Yəqin ki, ötən il olduğu kimi, bu il də sertifikatlaşdırma imtahanlarında uğur qazana bilməyən müəyyən sayda müəllimin əmək müqaviləsinə xitam verməli olacağıq. Həmin təhsilverənlərlə bağlı yanaşmamız ondan ibarətdir ki, bu addım daha kiçik sayda qrupun sosial problemi deməkdir, nəinki qrupun gələcəkdə yarada biləcəyi fəsadların böyüklüyü. Nəzərə almaq lazımdır ki, bir müəllim öz fəaliyyəti dövründə təxminən 300-500 aralığında şagirdə dərs keçir. Ona görə də peşəkarlıq səviyyəsi yerində olmayan adam məktəbdə olduğu dövrdə təxminən özündən 500 dəfə daha çox problem yaradır. Bunun qarşısını nə qədər tez ala biliriksə, o qədər düz iş görürük deyə fikirləşirəm. Həmin insanların sosial problemlərini də anlayırıq. Bu nöqteyi-nəzərdən onların tədrisə cəlb olunmadan sosial pedaqoq kimi təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin davranışına nəzarət işi ilə məşğul olmaları təmin edilir və bu işlər olduqca vacibdir.

Sertifikatlaşdırma imtahanında uğur qazanmayan müəllimlərin gələcəkdə aktiv tədris prosesində iştirakı məsələsinə gəlincə, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak səlahiyyətləri onların əlindən alınmır. MİQ-də iştirak edib digər insanlarla müqayisədə daha yüksək nəticə əldə etsələr, təbii ki, onların məktəbə qayıtmaq şansı və hüququ var. Lakin təcrübəyə əsasən demək olar ki, təhsilverən 15-20 il işləyəndən sonra sadə imtahandan keçmirsə, sertifikatlaşdırma imtahanında ona verilən iki şansda da uğur qazanmırsa, ehtimal böyükdür ki, bu insanların böyük əksəriyyəti aktiv tədrisə qayıtmayacaq.

Bu il də təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyəti kimi məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq: Komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər vəzifələrdə işlə təmin olunması məsələsinə baxılacaq. Sertifikatlaşdırma qaydasında da qeyd edildiyi kimi, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi ləğv edilir.

- Valideynlərin əsas şikayətlərindən biri də övladlarının dərs yükünün çox olması ilə əlaqədardır. Bununla bağlı nə kimi yeniliklər gözlənilir? Çıxışınızın birində məktəblərdə bəzi imtahanların ləğvinə baxılması məsələsinə də toxunmuşdunuz. Bununla bağlı nə deyə bilərsiniz?

- Şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla bilər. Çünki hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir. Misal olaraq, bu gün qüvvədə olan standartlara əsasən 5-6-cı siniflərdə yeni "Təbiət" fənni tədris olunur. Bu fənn əvvəllər I-IX siniflərdə tədris edilən həyat bilgisi fənninin yuxarı siniflərdəki saatları hesabına keçirilir. "Həyat bilgisi" fənninin tədrisi isə I-IV siniflərlə məhdudlaşır. Eyni zamanda tədris digər dillərdə aparılan bölmələrdə "Azərbaycan dili" (dövlət dili) fənninin həftəlik tədrisi 2 saatdan 3 saata qaldırılıb. Həmin bölmələrdə ikinci xarici dil fənninin tədrisi isə dayandırılır. Bundan başqa, tədris digər dillərdə aparılan bölmələrdə "Azərbaycan tarixi" fənninin Azərbaycan dilində tədris olunması 2 il məhdud sayda məktəbdə sınaqdan keçirilmiş və nəticələrin müsbət olması bizə əsas verib ki, 2024–2025-ci tədris ilindən bütün məktəblərimizdə ölkəmizin tarixi dövlət dilində öyrənilsin. Bunlar hamısı yeni qərarlardır. Ən böyük dəyişikliklərdən biri də odur ki, fakültativləri 20 faizə qədər artırmışıq, yəni məktəbin özünün 20%-ə qədər qərar vermək hüququ var. Amma bizim kontekstdə bunu etmək çətindir.

- 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı aidiyyəti üzrə təqdim olunub. Bu il bakalavriat səviyyəsində qəbul planı üçün neçə yer nəzərdə tutulub?

- 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq. Hər il olduğu kimi, bu il də qəbul planı artırılıb. Bu il iki ali təhsil müəssisəsinin – Qarabağ və Türkiyə–Azərbaycan universitetlərinin fəaliyyətə başlaması da buna təsir edib. Plan yerlərinin təxminən yarısından bir az çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alanlar üçün nəzərdə tutulur. Eyni zamanda bir qrup həssas təbəqəyə aid olan şəxslərin övladlarının da təhsil haqqı dövlət tərəfindən ödənilir. Bu il də qazi və müharibə veteranlarının təhsil haqqını dövlət ödəyəcək. Bu nöqteyi-nəzərdən dövlət sifarişli yerlərin sayı həmişə 50%-dən çox olur.

Son xəbərlər

Orphus sistemi