Bu il 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bu il təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənnindən ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb olunacaqlar.
E.Əmrullayev həmçinin əlavə edib ki, müəllimlərin işə qəbulu imtahanı bu il də oxşar qaydada aparılacaq: “MİQ-lə əlaqəli ötən ilki imtahanları təhlil edib nəzərə almışıq ki, ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə əlavə 30 dəqiqə vaxt verilsin. Bununla da imtahanın müddəti 2 saat 30 dəqiqə olaraq müəyyən ediləcək. Ümumilikdə toplanan minimal bal 100 olacaq. Yeni qaydalar qüvvəyə minməsə də, indi dediklərim qaydaların müzakirə olunduğu və rəsmiləşəcəyi dəqiqdir”.