Fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.
“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, son 10 ildə (2014-2023-cü illər) müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb:
"Həmin müddət ərzində 267 manatdan 790 manata qədər artıb. Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır".
O bildirib ki, 29 573 nəfər müəllim 500 manata qədər, 67 499-u 500-1000 manat, 29 423-ü 1000-1500, 3103-ü 1500-2000, 216-sı 2000 manat və daha artıq əməkhaqqı alacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumtəhsil və dövlət peşə təhsil müəssisələrində çalışan təhsil işçilərinin aylıq vəzifə maaşları fevralın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.