"Kaspi Kids" məktəbə hazırlıq proqramının azyaşlılar üçün nəşr etdirdiyi şeir sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
“Report” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri şeirdə yer alan ifadələrin azyaşlılar üçün uyğun olmadığını bildiriblər və "Kaspi Kids"i tənqid ediblər.
Məlumat üçün bildirək ki, şeir parçasında düşmənin "oraqla doğranacağı" sözləri əks olunub.
Qeyd edək ki, adıçəkilən proqramın rəsmi səhifəsində nəşrlərin 4-6 yaşlı uşaqların intellektual, fiziki, psixoloji və sosial-emosional inkişafının əldə edilməsində, potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərin, hisslərin və həyati bacarıqların formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Həmçinin bildirilib ki, "müasir və beynəlxalq təhsil metodlarından istifadə edilərək hazırlanan "Kaspi Kids" məktəbə hazırlıq proqramı Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur".