Azərbaycan və Çili astronomiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bu barədə “Report”a Çilinin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, Çilinin ALMA rəsədxanasının baş astronomu David Rebolledo və mütəxəssis Nikolas Lira hazırda Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində mütəxəssislər Azərbaycan Milli Aviasiya Akademiyasında və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.
Rəsədxanada qonaqlar icraçı direktor Nəriman İsmayılov və bir neçə astronomlarla görüşüb, yerli avadanlıqlarla tanış olub, həmçinin Çilinin astronomiya sahəsində təcrübəsi və nailiyyətləri ilə bölüşüblər.
D.Rebolledo və N.Lira Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alberti ilə birlikdə BDU və ADA universitetlərinin rəhbərliyi və tələbələri ilə görüşlər keçirib, bununla yanaşı astronomiya, mühəndislik və kosmik müşahidələr sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.