Ağstafada erkən dəmir dövründə əhalinin məskunlaşdığı yaşayış yeri aşkar edilib
- 11 dekabr, 2025
- 14:50
Ağstafa rayonundakı Ağalıqtəpə abidəsində Orta Kür hövzəsində erkən dəmir dövrünə aid əhali məskunlaşmasının izlərini sübut edən yeni yaşayış yeri aşkar olunub.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd edilib.
Hesabatda vurğulanıb ki, qazıntılar arxeoloq Şamil Nəcəfov və Almaniyanın Würzberq Universiteti ilə birgə aparılıb.
Qeyd edilib ki, abidədə həmçinin çiy kərpicdən inşa edilmiş əsasən düzbucaqlı formalı tikili qalıqları, tunc dövrünə aid irsi xronoloji bağlılığı sübut edən artefaktlar da tapılıb.
Bundan başqa, hesabatda qeyd olunub ki, arxeoloq Mikayıl Mustafayevin Astaranın Alaşa kəndində yerləşən Əlişa qalasında apardığı arxeoloji qazıntılar nəticəsində Əlişa qalasında ilkin divar qatına paralel ikinci divar, əlavə otaqlar, su hovuzu və saxsı boru xətti kimi infrastrukturlar aşkarlanıb.
Bu il aparılan qazıntılar zamanı aşkar olunan keramika nümunələri, o cümlədən naxışlı kaşı fraqmentləri abidənin XI-XIV əsrə aid olduğunu göstərib, həmçinin qalada həm qədim dövrlərə, həm də orta əsrlərə aid mədəni-tarixi qatların mövcudluğu müəyyən edilib.