BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib 

BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib  BMT rəsmiləri və mütəxəsislər Azərbaycanın beynəlxalq təşkilatın Su Konfransının nəticələrinə töhfə vermək üçün region ölkələrini bir platformada birləşdirən Regional Məlumat Mərkəzi kimi fəaliyyət göstərmək təşəbbüsünü yüksək qiymətləndiriblər.
Ekologiya
24 Mart , 2023 19:12
BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib 

BMT rəsmiləri və mütəxəsislər Azərbaycanın bu beynəlxalq təşkilatın Su Konfransının nəticələrinə töhfə vermək üçün region ölkələrini bir platformada birləşdirən Regional Məlumat Mərkəzi kimi fəaliyyət göstərmək təşəbbüsünü yüksək qiymətləndiriblər.

"Report"un ABŞ bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında Su Konfransı çərçivəsində Azərbaycanın ev sahibliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının, ABŞ-ın nüfuzlu Arizona Dövlət Universitetinin təşkilatçılığı ilə "Azərbaycanda transformativ tədbirlər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmağı sürətləndirmək üçün su sektorunda həyata keçirilən islahatlar, maraqlı tərəflərin iştirakı və innovasiyanın tətbiqi" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda DİM ilə bağlı görülmüş işlər barədə məlumat verib və bu məqsədlərə nail olmaqda qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. Nazir bildirib ki, su ehtiyatlarının səmərəli idarə olunmasını təmin etmək və su çatışmazlığının qarşısını almaq üçün Azərbaycan 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinə uyğun olaraq milli su siyasətini formalaşdırıb: "Azərbaycan aşağı axın ölkəsi olmaqla çox böyük ekoloji təsirlərlə üzləşir. Biz beynəlxalq təşkilatları yuxarı axında yerləşən dövlətləri BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasını ratifikasiya etməyə və transsərhəd su ehtiyatlarından bərabər və məsuliyyətli istifadə ilə bağlı ümumi öhdəliklər götürməyə təşviq etməyə çağırırıq".

Tədbirdə bir çox ölkələrin (Moldova, Özbəkistan, Qırğızıstan, Belarus, Türkmənistan, Türkiyə) Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri rəsmilərinin və su sahəsində ixtisaslaşmiş özəl şirkətlərin təmsilçilərinin, eləcə də, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı və Beynəlxalq Miqrasiya Təşkilatlarının nümayəndələrinin, ABŞ-ın Arizona Dövlət Universitetinin mütəxəsisslərinin DİM ilə bağlı çıxışları dinlənilib, fikir mübadiləsi və müzakirələr aparılıb.

Çıxışlarda şirin su mənbələrinə əlçatanlığın təmin olunması üçün müəyyən edilmiş məqsədlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Suyun enerji, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi də daxil olmaqla, inteqrasiyalı idarə edilməsinin bu problemlərin həllində əsas vasitələrdən biri olduğu qeyd olunub.

DİM-ə nail olmaq və qarşıya qoyulan məqsədləri uğurla həyata keçirmək üçün maraqlı tərəflərin iştirakı və inklüziv tərəfdaşlıq tələb olunduğu və bu tədbirlərin səmərəliliyinin təmin edilməsində beynəlxalq təşkilatların dəstəyinin mühüm rol oynadığı bildirilib.

Eyni zamanda, ötən həftə Ağdamda Azərbaycan hökuməti və ölkədə fəaliyyət göstərən BMT-nin nümayəndəliyi arasında "İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr"ə həsr olunmuş toplantı barədə də qonaqlara məlumat verilib.

Çıxış edənlər BMT-nin Su konfransı çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi tədbirin vacibliyinə diqqət çəkib və müzakirələri yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi