Bakı. 2 oktyabr. REPORT.AZ/ Roma Papası Bakıda çıxışında böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən sitatlar gətirərək bildirib ki, dinlər heç vaxt münaqişələrə və qarşıdurmalara alət olunmamalıdır.
"Report" xəbər verir ki, o bunu Azərbaycana səfəri çərçivəsində oktyabrın 2-də Heydər Məscidində dindarlar qarşısında çıxışı zamanı deyib.
Azərbaycanda dini dəyərlərin qorunduğunu vurğulayan Papa dinc cəmiyyətlərin əməkdaşlıqdan yarandığını diqqətə çatdıraraq deyib:
“Bugünkü görüşümüz dialoqu və multikulturalizmi təşviq etmək üçün Bakıda keçirilmiş bir çox görüşlərin davamıdır. Qovuşmaya və inteqrasiyaya qapıları açaraq, sanki hər kəsin qəlbinə qapı açmış olarsınız. Onların ümidlərinə yol açmış olarsınız. İnanıram ki, Şərq ilə Qərb arasında qapı olan Azərbaycan hər zaman özündə insanlara sülh və insanın parlaq gələcəyi üçün möhkəm zəmin yaratmaq baxımından əsas təşkil edən açıq olmaq mədəniyyətini inkişaf etdirib”.
Papa Fransisk çıxışının sonunda bir daha dini icmalar üçün dünyada sülhün vacib şərt olduğunu vurğulayıb.