Bakı. 11 iyul. REPORT.AZ/ İtaliyanın Sicilya şəhərində XX əsrin ən məşhur rus şairələrindən biri yazıçı, ədəbiyyatşünas Anna Axmatovanın abidəsi ucaldılıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, abidə Siciliyanın Taormin şəhərində, Anna Axmatovanın adını daşıyan Taormin xiyabanında ucaldılıb.
Abidənin açılışında çıxış edən Siciliyanın meri bildirib ki, görkəmli rus şairəsinin abidə formasında olsa belə, Siciliyaya yenidən qayıdışı xoşbəxt andır.
Qeyd edək ki, Anna Axmadova 1964-cü ildə İtaliyanın "Etna-Taormin" ədəbi mükafatına layiq görülüb.
Anna Axmatova 1889-cu il iyunun 23-də Odessada, zadəgan ailəsində dünyaya göz açıb. Atası mühəndis-mexanik olub. Anna özünü ana tərəfdən Qızıl Orda Əhməd xanın nəslindən hesab edirdi və məhz buna görə sonradan Axmatova təxəllüsünü götürdü. Amma bunun əfsanə olduğu deyilir.
"Rekviyem" adlı avtobioqrafik poeması 1930-cu illər repressiyalarına həsr olunmuş ilk bədii əsərlərdən hesab olunur.
"Qəhrəmansız poema" əsərində isə Axmatova rus ədəbiyyatının "Gümüş dövrü"nün epoxasını yaradıb.
Anna Axmatova istedadlı şair Nikolay Qumilyovla ailə qurub və bu evlilikdən gələcək tarixçi Lev Qumilyov doğulub. Bu evlilik xoşbəxt olmayıb. Həm Nikolay, həm də Lev repressiyaya uğrayıb, Nikolay öldürülüb, Lev isə xeyli vaxt həbsxanada saxlanılıb.
Anna Axmatova kədərli həyat keçirib. 1966-cı il martın 5-də Domodedovo şəhərində vəfat edib. Anna Axmatova Sankt-Peterburq şəhərinin yaxınlığında Komarovo qəsəbə qəbristanlığında dəfn edilib.
Axmatovanın məzarında üzərində olan barelyef olan daş divarı oğlu Lev Qumilyov tikdirib. Bu divar Anna Axnatovanın "Kresti" istintaq təcridxanası qarşısında günlərlə oğlu üçün yemək çatdırmaq niyyəti ilə dayandığı divarın simvoludur.
Şairənin şeirləri dünyanın bir çox dillərinə tərcümə olunub.