AMEA-nın alimləri koronavirusa həsr olunmuş şeirlər yazacaq

AMEA-nın alimləri koronavirusa həsr olunmuş şeirlər yazacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının çap olunacaq ədəbi almanaxdakı şeirlərinin mövzusu açıqlanıb.
Ədəbiyyat
11 İyun , 2020 15:04
AMEA-nın alimləri koronavirusa həsr olunmuş şeirlər yazacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının çap olunacaq ədəbi almanaxdakı şeirlərinin mövzusu açıqlanıb.

Bununla bağlı “Report”a danışan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan alimləri bədii yaradıcılıqla məşğul olan elm adamlarının fantaziyasının daha geniş olduğu qənaətinə gəliblər:

“Artıq ardıcıl olaraq 6-cı dəfədir ki, “Qoşa qanad: fizika və lirika” konfransları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilməkdə davam edir. Burada bizim institut ev sahibi olmaqla yanaşı, akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarında çalışan professional elm adamlarının bədii yaradıcılıq istiqamətindəki fəaliyyətinə dair məsələlər geniş müzakirə olunur. Biz bunu obrazlı şəkildə “Qoşa qanad” adlandırırıq. Yəni elm və ədəbiyyat təfəkkürünün qoşa qanadları. Bizim alimlərimizin də gəldiyi qənaət ondan ibarətdir ki, bədii yaradıcılıqla məşğul olan elm adamlarının fantaziyası daha geniş olur. Onların bağlı olduğu elm sahələrində iştirak etməsi və yeniliyə olan meyilləri daha güclü olur. Ədəbiyyat adamları həm də elm adamlarıdırsa, onların yaradıcılığında cəmiyyətin təkcə vəsf olunması deyil, həm də dərinddən dərk olunması və şərh edilməsi kimi məsələlər də öz əksini tapır”.

İsa Həbibbəyli
İsa Həbibbəyli

Akademik bildirib ki, bu, XX əsrin ortalarında meydana çıxmış akademizm cərəyanının prinsipləridir:

“Akademik elmi düşüncə ilə bədii düşüncənin sintezinin vəhdəti istiqamətində gedən proseslər göstərir ki, bizim elmi mədəni mühitimizdə də akademizm cərəyanının əlamətləri görünməkdədir. Bizim çap olunacaq bədii yaradıcılıq almanaxında elə bədii yaradıcılıqla məşğul olan ciddi elm adamlarının əsərləri çap olunur. Bizim “Qoşa qanad”da akademiyanın bütün institutlarında çalışan və öz sahələrində tanınan alimlərin şeir və hekayə yazmaq bacarıqları nümayiş olunur. Bu alimlərin əsərlərində simmetriya, ölçü, informasiyaların poetikləşdirilməsi və cəmiyyətin elmi-bədii dərki kimi fərqli düşüncələrə də rast gəlinir. Bu, ölkəmizdə böyük ədəbiyyatı zənginləşdirən bir qoldur”.

İ.Həbibbəylinin sözlərinə görə, builki almanaxda yer alacaq bəzi şeirlərin mövzusu koronavirusa həsr olunub:

“Şeirlərdə cəmiyyətdə baş verən hadisələrə elmi baxış bədii vasitələrlə ifadə olunur, qafiyələndirilir. Dövrümüzün reallıqları, Azərbaycan cəmiyyətində gedən proseslər alimlərimizin bədii əsərlərində - şeir və qəzəllərində bədii vasitələrlə və yalnız elmi əsaslarla təqdim olunur. Bu il təqdim edəcəyimiz almanaxda pandemiya və koronavirusla bağlı alimlərin süzgəcindən keçmiş şeirlər və bədii əsərlər də təqdim olunacaq. Bu, yeni tipli bir ədəbiyyatdır. Buna intellektual ədəbiyyat da demək olar. Amma biz bunu “Qoşa qanad” adlandırırıq”.  

Son xəbərlər

Orphus sistemi