"Serbiyanın mundialın qalibi olacağını söyləmək düzgün olmaz. Çünki orada çox güclü komandalar var. Serbiya kiçik ölkədir".
Bunu "Report"a açıqlamasında "Neftçi" klubunda çıxış edən serbiyalı futbolçu Voislav Stankoviç bu il Qətərdə keçiriləcək dünya çempionatında ölkəsinin milli komandasının şansları barədə danışarkən deyib.
35 yaşlı müdafiəçi turnirdəki komandaların yaxşı heyətə malik olduğunu bildirib: "Təbii ki, mən də istərdim ki, doğma komandam çempion olsun. Amma bu barədə nəsə demək çətindir. Ümumiyyətlə, istənilən kollektiv üçün çempionluq asan başa gəlməyəcək. Bizi çox maraqlı dünya çempionatı gözləyir".
Stankoviç DÇ-2022-də bir çox futbolçunun "partlayış" edə biləcəyini söyləyib: "Sadəcə, indi konkret ad çəkə bilmirəm. Müxtəlif ölkələrin yığmalarında istedadlı oyunçular var və onların hər biri "partlayış" edə bilərlər. Ümid edirəm ki, maraqlı və baxımlı mundial izləyərik".
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Serbiya Braziliya, İsveçrə və Kamerunla birlikdə G qrupunda mübarizə aparacaq.
Voislav Stankoviçun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.