"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"

"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur" "Neftçi"nin serbiyalı müdafiəçisi Voislav Stankoviçin "Report"a müsahibəsi
Futbol
3 Noyabr , 2022 12:46
Neftçinin legioneri: Hər mövsüm komandada xeyli dəyişiklik olur
Voislav Stankoviç

Voislav Stankoviç “Neftçi”də çıxış edən serbiyalı müdafiəçidir.

Peşəkar karyerasına ölkəsində - “Dinamo Vranye” klubunda başlayan Stankoviç daha sonra bir il Belqrad təmsilçisi OFK-da çıxış edib.

Onun Azərbaycana gələnə qədər ölkəsindəki son klubu “Partizan” olub. Serbiya nəhəngində beş il çıxış edən müdafiəçi 2015-ci ildə Bakı “İnter”inə (indiki “Şamaxı” – red.) transfer olub. Bundan sonrakı karyerası yalnız Azərbaycanla bağlı olan Stankoviç “Qəbələ”də də çıxış edib.

2019-cu ildən keçdiyi “Neftçi”də karyerasını davam etdirən arxa xətt oyunçusu 1 dəfə Serbiya milli komandasının formasını geyinib.

Voislav Stankoviçin "Report"a müsahibəsi

- "Neftçi" 12 turdan sonra 25 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Cari mövsümdəki çıxışınızı necə dəyərləndirirsiniz?

- Biz daha çoxunu istəyirik. Amma hələlik alınmır. Bizdən öndə olan "Qarabağ" və "Sabah" kifayət qədər güclü kollektiv formalaşdırıb. Növbəti oyunlarda fərqi aradan qaldırmağa çalışacağıq. Görək, nə dərəcədə alınacaq.

- Sizcə, niyə nəticələr qeyri-sabitdir?

- "Neftçi" hər il qarşısına ən yüksək hədəfləri qoyur. Sadəcə, hər mövsüm komandada xeyli dəyişiklik baş verir. İndi də öz tələbləri olan yeni baş məşqçimiz, həmçinin, yeni transferlərimiz var. Ona görə də komandaya vaxt lazımdır. Hələ ki qeyri-sabit çıxış edirik. Bundan sonrakı görüşlərdə yaxşı, stabil futbol oynamağa, qələbələr qazanmağa və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq.

- Ötən mövsüm Premyer Liqanı 2-ci pillədə başa vurdunuz. Cari çempionatda ən azı həmin uğuru təkrarlamaq mümkün olacaqmı?

- Ümid edirəm ki, bacaracağıq. Amma asan olmayacaq. "Sabah" bu mövsüm çox artırıb. Yaxşı futbol sərgiləyir. Odur ki, işimiz asan olmayacaq. Mövsümün sonunda nə etdiyimiz, necə oynadığımız bəlli olacaq.

- Ümumiyyətlə, bu mövsüm üçün qarşınıza hansı hədəflər qoyulub?

- Bayaq da dediyim kimi, "Neftçi" hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparır. Həm çempionatı, həm də ölkə kubokununu qazanmaq istəyirik. Lakin bunları meydançada gerçəkləşdirmək çətin olur. Hamı çox şey istəyə bilər. Önəmli olan bunu oyun sahəsində həyata keçirməkdir. Hələlik bizdə alınmır. Səbəblər çoxdur. Bu barədə danışmayacağam. Çünki doğru deyil. Mən futbolçuyam. Yalnız öz işimlə məşğul olmalıyam.

- Bir neçə gündən sonra Qətərdə dünya çempionatı start götürəcək. Serbiya yığmasından nə gözləyirsiniz?

- Mundialdan öncə olduğu kimi baxımlı futbol göstərmələrini istəyirəm. Heyətdə ustalıq səviyyəsi yüksək olan yaxşı futbolçular var. İnanıram ki, hər şey istədikləri kimi alınacaq. Əlbəttə, Braziliya, İsveçrə və Kamerun kimi yığmaların yer aldığı çətin qrupda mübarizə aparacaqlar. Ona görə də işləri asan olmayacaq. Ümid edirəm ki, ilk növbədə qrupdan çıxmağı bacaracaqlar. Bunu etmək üçün kifayət qədər gücləri var.

- Necə düşünürsünüz, yığmanız dünya çempionu ola bilər?

- Serbiyanın mundialın qalibi olacağını söyləmək düzgün olmaz. Çünki orada çox güclü komandalar var. Serbiya kiçik ölkədir. Təbii ki, mən də istərdim ki, doğma komandam çempion olsun. Amma bu barədə nəsə demək çətindir. Ümumiyyətlə, istənilən kollektiv üçün çempionluq asan başa gəlməyəcək. Çünki bütün komandalar yaxşı heyətə malikdir. Bizi çox maraqlı dünya çempionatı gözləyir.

- Nə vaxtsa düşünmüsünüz ki, mən də Serbiya yığmasında ola bilərdim?

- Əlbəttə, dünya çempionatında oynamaq hissini yaşaya bilmədiyim üçün təəssüflənirəm. Amma futbol belədir. Mənim karyeram elə alındı ki, Azərbaycana gələsi oldum. Uzun illərdir burada oynayıram və buna görə şadam. Serbiya millisinə düşməyim qeyri-mümkündür. Çünki orada güclü futbolçular çıxış edir. Serbiyada çıxış edərkən mənə yaxşı çempionatlardan təklif gəlib. Sadəcə, alınmayıb, bəxtim gətirməyib. Daha sonra Azərbaycana gəlmişəm. Bu, futboldur, belə şeyləri sakit qarşılamaq lazımdır.

Voislav Stankoviç
Voislav Stankoviç

- Milli komandanızın ən azı bir oyununu stadiondan canlı izləmək üçün Qətərə gedəcəksiniz?

- Təbii ki, bunu istərdim. Lakin oraya uçub oyuna baxmaq üçün vaxtım olmayacaq. Çünki mundial vaxtı çempionat və kubokda oyunlarımız olacaq.

- Dünya çempionatında hansı futbolçudan "partlayış" gözləyirsiniz?

- Bu cür futbolçular çoxdur. Sadəcə, indi konkret ad çəkə bilmirəm. Müxtəlif ölkələrin yığmalarında istedadlı oyunçular var və onların hər biri "partlayış" edə bilərlər. Ümid edirəm ki, maraqlı və baxımlı mundial izləyərik.

Son xəbərlər

Orphus sistemi