Azərbaycan Din Xadimlərinin Forumunda "Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış" mövzusunda panel müzakirə keçirilib.
"Report" xəbər verir ki, tədbir Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın moderatorluğu ilə baş tutub.
F.Mustafa bildirib ki, dövlətin əsas funksiyası dinlə əlaqədar ənənənin mütləqiləşdirilməsi olmalıdır. Onun fikrincə, dinlə əlaqədar anlayışların, terminlərin müasirləşdirilməsinə ehtiyac var.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu "internet məscidləri" anlayışının müasir dini təbliğata daxil olduğunu vurğulayıb. O, media və sosial şəbəkələrin dini maarifləndirmədə oynadığı rol haqqında da danışıb.
Sessiyada Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov iştirak ediblər.
Panel müzakirələrdən sonra sual-cavabla davam edib.
Foto: Vüqar Xanlarov