Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanda Ramazan bayramı qeyd olunur.
“Report” xəbər verir ki, bayram namazı iyulun 6-da saat 09:00-da qılınacaq.
Bakıdakı Təzəpir məscidində qılınacaq bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Şeyxülislam Allahşükür Paşazadə də qatılacaq.
Bayram iyulun 7-dək davam edəcək.
Qeyd edək ki, QMİ-nin Qazılar Şurasının fətvası ilə Azərbaycanda Ramazan ayı iyunun 7-də başlayıb. İyunun 24-ü yəni, Ramazan ayının 18-ci günü ilk Qədr (əhya) gecəsi qeyd olunub. İkinci Qədr (əhya) gecəsi 26-sı iyuna (Ramazan ayının 20-ci gününə), üçüncü Qədr (əhya) gecəsi 28 iyuna (Ramazan ayının 22-ci gününə), sonuncu Qədr (əhya) gecəsi isə iyul ayının 2-nə, (Ramazan ayının 26-cı gününə) təsadüf edib.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatın verilməsidir. Bu da Ramazan ayının son gününə təsadüf edib. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.