Bakı 15 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli Rusiyada ilahiyyat elmləri üzrə elmi dərəcə alıb.
QMİ-dən "Report"a verilən məlumata görə, İçərişəhər "Cümə" məscidinin axunduna Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib.
Qeyd edək ki, S.Məmmədli 1968-ci ildə Masallı rayonunda anadan olub. Qafqaz İslam Universitetini bitirib. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib.
1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyniadlı dini icmanın rəhbəridir.
"İslamda əxlaq", "İslam maarifində dünyaya münasibət" və "Təsəvvüf" adlı kitabların müəllifidir. Ərəb, fars, rus və ingilis dillərini bilir.

