"SOCAR Balakhani" şirkəti yaradılıb
- 01 oktyabr, 2026
- 16:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in tələblərinə uyğun olaraq yeni şirkət - "SOCAR Balakhani" MMC-ni yaradıb.
"Report"un əldə etdiyi məlumata görə, yeni kommersiya qurumu bu il iyunun 19-da SOCAR-la eyni hüquqi ünvanda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121-də dövlət qeydiyyatına alınıb.
Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Bağırov Natiq Orucqulu oğludur.
Cəmiyyətin yaradılmasında əsas məqsəd Sazişin tələbləri çərçivəsində podratçı qismində çıxış edəcək SOCAR-ın ortaq neft şirkətinin Saziş üzrə müəyyən edilmiş İştirak Payı həddində hüquq və öhdəliklərinin icrasını təmin etməkdir. Şirkət Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blok üzrə Saziş çərçivəsində SOCAR-ın ortaq neft şirkəti kimi fəaliyyət göstərəcək və müəyyən edilmiş iştirak payı çərçivəsində müvafiq hüquq və öhdəlikləri həyata keçirəcək.