Nazir: Kənd məktəbində bir uşağın illik orta xərci bir neçə nəfərin Bakıda özəl təhsilinə bərabərdir
- 15 dekabr, 2025
- 22:08
Elə bölgələr var ki, orada adambaşına bir şagirdə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır.
"Report" xəbər verir ki, bunu "Real TV"yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, yüzlərlə kənd məktəbində bir uşağın illik orta xərci, yaxud 11 il ərzində sərf olunan vəsait bir neçə nəfərin Bakının mərkəzində özəl təhsil almasına bərabərdir:
"Elm və Təhsil Nazirliyi üçün bir uşağa düşən orta xərc önəmlidir. Bəs xərcin müqabilində nə qədər şagird bilik əldə edir? Görürük ki, heç bir nəticə yoxdur. Bizim kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Yəni keyfiyyət problemi var. Təsəvvür edirsiniz ki, müəllimsiniz və sinfinizdə üç şagird oturub. Üç uşaqla hansı formada pedaqoji prosesi qurmaq olar".
E.Əmrullayevin fikrincə, siniflərdə uşaq sayının çox olması önəmlidir: "Təhsilin keyfiyyəti baxımından da çoxuşaqlı siniflərdə təhsil almaq daha faydalıdır. Nazirliyin optimallaşdırma siyasətinin məhz buna xidmət etdiyi bildirilib".