İƏT rəsmisi: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək hüququ təmin edilməlidir

Xarici siyasət
  • 07 oktyabr, 2026
  • 13:27
İƏT rəsmisi: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək hüququ təmin edilməlidir

İtkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək hüququ təmin edilməlidir.

"Report" xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (MDİHK) sədr müavini Hacı Ali Açıkgül "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans" çərçivəsində keçirilən panel sessiyada deyib.

Onun sözlərinə görə, itkin düşmüş şəxslərin ailələrinin yaxınlarının taleyi və harada olması barədə məlumat almaq hüququ fundamental humanitar və insan hüquqları prinsipidir:

"Bu hüquq siyasi danışıqlardan və ya daha geniş mübahisələrin həllindən asılı vəziyyətə salınmalıdır. Beynəlxalq humanitar hüquq silahlı münaqişə tərəflərindən itkin düşdüyü barədə məlumat verilən şəxslərin taleyini müəyyənləşdirmək, onların axtarışını aparmaq, həlak olan şəxsləri qorumaq və identifikasiya etmək, eləcə də ailələrə mövcud məlumatları təqdim etmək üçün bütün mümkün tədbirləri görməyi tələb edir. Cenevrə Konvensiyalarına Əlavə I Protokolun 32-ci maddəsində ailələrin öz yaxınlarının taleyi barədə məlumat almaq hüququ açıq şəkildə tanınır".

O əlavə edib ki, itkin şəxslər, onların hərəkət marşrutları, mümkün dəfn yerləri və müvafiq sənədlər barədə məlumatların vaxtında mübadiləsi və yoxlanılması üçün təhlükəsiz və qərəzsiz mexanizm yaradılmalıdır:

"İnsan ləyaqətini, məlumatlı razılığı və şəxsi məlumatların qorunmasını təmin etməklə, DNT analizi və identifikasiya da daxil olmaqla, müstəqil məhkəmə-tibbi və araşdırma imkanları gücləndirilməlidir. Ən əsası isə əldə olunan irəliləyiş ölçülə bilən olmalıdır".

Sədr müavininin fikrincə, belə mexanizmlər öhdəliklərin nəticələrə çevrilməsinə kömək etməlidir:

"Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, İtkin Şəxslər üzrə Beynəlxalq Komissiya və digər səlahiyyətli qurumlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidirlər".

44 filmi