Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı doqquza çatıb - YENİLƏNİB
- 06 yanvar, 2026
- 17:52
Yaponiyanın qərbində 6,4 maqnitudalı zəlzələ nəticəsində doqquz nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
"Bu gün Yaponiyanın qərbindəki Şimane və Tottori prefekturalarında bir neçə güclü zəlzələ baş verib.
Birinci zəlzələnin maqnitudası 6,4 olub. Ölkənin Meteorologiya Agentliyinin məlumatına görə, sunami müşahidə edilməyib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Şimane prefekturasında dörd, Tottori prefekturasında bir, qonşu Hiroşima prefekturasında iki, Okayama prefekturasında isə bir nəfər yaralanıb", - məlumatda bildirilib.
Qeyd edək ki, zəlzələnin episentri Şimane və Tottori prefekturaları ərazisində, ocağı isə 10 km dərinlikdə yerləşib. İlkin olaraq zəlzələnin 6,2 maqnitudalı olduğu barədə məlumat verilsə də, daha sonra yaponiyalı seysmoloqlar maqnitudanın 6,4 olduğunu bildiriblər.
Yaponiyanın Şimane və Tottori prefekturalarında ardıcıl bir neçə zəlzələ baş verib, onlardan birinin maqnitudası 6,2 təşkil edib.
"Report" "Japan Times"a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Xəsarət alanlar və ya dəymiş ziyanla bağlı rəsmi məlumat hələ dərc edilməsə də, NHK telekanalı zəlzələ nəticəsində dörd nəfərin xəstəxanalara çatdırıldığını və bəzi binaların zədələndiyini bildirib.
10 kilometr dərinlikdə baş verən birinci zəlzələ mərkəzi Şimane prefekturasının şərq hissəsində qeydə alınıb.
Meteorologiya Agentliyi xəbərdarlıq edib ki, növbəti həftə ərzində, xüsusilə, yaxın iki-üç gündə 5 və daha yüksək ballıq zəlzələlər baş verə bilər.