Tayvan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə pilotun səhvi ucbatından adanın sahil mühafizə gəmisi yaxınlığında 900 kiloqramlıq bomba atıb.
“Report” xəbər verir ki, bu barədə mətbuat konfransında adanın Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Tsao Tsinpin bildirib.
İnsident avqustun 9-da Tsyupen bazası yaxınlığında sahildə, F-16V qırıcı təyyarəsinin təlim uçuşu zamanı 2000 funt (təxminən 908 kq - Qeyd) ağırlığında Mk-84 bombaları ilə şərti hədəfləri vurması zamanı baş verib.
Onun sözlərinə görə, insidentə səbəb pilot xətası olub: pilotun səhv hərəkətləri nəticəsində bomba nəzərdə tutulan hədəfdən çox uzaq düşüb. Pilot və onun təlimatçısı məsuliyyətə cəlb olunacaq. General-leytenant Hərbi Hava Qüvvələrinin insidentin səbəbləri ilə bağlı hərtərəfli təhlil aparacağını vurğulayıb.
“Taybey şibao” qəzetinin məlumatına görə, Sahil Mühafizəsinin bir neçə əməkdaşı daha əvvəl güclü şok dalğası səbəbindən həkimə müraciət etməli olduqlarını bildiriblər.