Səudiyyə Ərəbistanı 2021-ci ildə "Taliban" hərəkatının Əfqanıstana nəzarəti ələ keçirməsindən üç il sonra Kabildəki səfirliyinin fəaliyyətini bərpa edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Qardaş Əfqanıstan xalqına bütün növ xidmətlərin göstərilməsi üçün ölkənin Kabildəki nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar qəbul edilib", - paylaşımda qeyd olunub.
Taliblər 2021-ci ilin avqustunda Əfqanıstan paytaxtının bütün rayonlarına nəzarəti ələ keçirdiklərini bəyan etdikdən dərhal sonra krallıq diplomatik missiyanın bütün əməkdaşlarını təxliyə edib. 3 ay sonra Ər-Riyad Kabildəki səfirliyin konsulluq şöbəsinin fəaliyyətini bərpa etməyə qərar verib. 2023-cü ilin fevralında Səudiyyə Ərəbistanının bütün diplomatları təhlükəsizlik səbəbindən yenidən Əfqanıstanı tərk edərək krallıq ərazisinə qayıdıblar.