"Sankei": Yaponiyanın Baş naziri Trampın Çinə səfərindən əvvəl ABŞ-yə getmək istəyir
- 20 dekabr, 2025
- 05:47
Yaponiyanın Baş naziri Sanae Takaiçi Çinlə münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda ikitərəfli ittifaqın möhkəmliyini vurğulamaq üçün ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən əvvəl ABŞ-yə baş çəkməyə ümid edir.
"Report"un məlumatına görə, bu barədə "Sankei" qəzeti xəbər verib.
Variantlardan biri kimi, 2026-cı ilin əvvəlində və ya mart ayında, Yaponiya parlamentində 2026-cı maliyyə ili üçün büdcə layihəsi qəbul edildikdən sonra səfər imkanı nəzərdən keçirilir. Takaiti, Tokio və Pekin arasındakı münasibətlərin gərginləşməsi ilə bağlı Tramp ilə fikir mübadiləsi aparmağı və Yaponiyanın milli təhlükəsizlik strategiyasının yenilənməsi planını müzakirə etməyi planlaşdırır.
Pekin və Tokio arasındakı münasibətlər, Baş nazir Sanae Takaitinin parlamentdəki debat zamanı Tayvan ətrafındakı mümkün hərbi böhranın Yaponiyanı "kollektiv özünümüdafiə hüququndan" istifadə etməyə məcbur edə biləcək "ekzistensial təhlükə" yaradacağını bildirdikdən sonra kəskin pisləşib. Bu, Pekinin narazılığına səbəb olub və o, Tokioya ciddi etirazını bildirib.
Qəzet qeyd edir ki, Tramp bu mövzudan məsafə saxlayıb. Əgər Takaitinin ABŞ-a səfəri baş tutarsa, yapon müşahidəçilərinin diqqəti Amerika prezidentinin Çinlə bağlı məsələdə Yaponiya ilə həmrəylik nümayiş etdirib-etdirməyəcəyinə yönələcək.