Rusiya Xarkova zərbələr endirib, ölənlər və xəsarət alanlar var
- 03 yanvar, 2026
- 13:07
Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumu nəticəsində son sutka ərzində ən azı iki nəfər həlak olub, təxminən 30 nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Polisi teleqramda məlumat verib.
"Rusiya qoşunları dinc əhaliyə qarşı raketlər, idarə olunan aviasiya bombaları, müxtəlif növ pilotsuz təyyarələr tətbiq edib. Xarkovun mərkəzinə iki raket zərbəsi endirilib - dağıntılar altından üç yaşlı uşağın və 22 yaşlı qadının meyitləri çıxarılıb. Həmçinin altı aylıq körpə də daxil olmaqla 30-a yaxın vətəndaş xəsarət alıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, daha beş nəfərlə əlaqə saxlamaq mümkün deyil, onların axtarışları davam etdirilir.
Polisin məlumatına əsasən, hücumlar nəticəsində 25 çoxmənzilli ev, xəstəxana binası, təhsil müəssisəsi, ticarət-ofis binası, eləcə də 33 avtomobil zədələnib.