Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi naviqasiya üçün təhlükəyə çevrilib

Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi naviqasiya üçün təhlükəyə çevrilib Reyn çayında suyun səviyyəsi azalmağa davam edir.
Digər ölkələr
13 Avqust , 2022 15:55
Reyn çayında suyun səviyyəsinin aşağı düşməsi naviqasiya üçün təhlükəyə çevrilib

Reyn çayında suyun səviyyəsi azalmağa davam edir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Belə ki, avqustun 12-də gündüz saatlarında Frankfurt yaxınlığındakı Kauba ərazisində - suyun səviyyəsinin ənənəvi olaraq aşağı olduğu yerdə suyun səviyyəsi 40 sm-dən aşağı düşüb.

Reynin belə quruması çayın bir çox yerlərində naviqasiyanın, o cümlədən yüklərin daşınmasının qeyri-mümkün olmasına gətirib çıxarıb.

“The Guardian” qeyd edir ki, kömür, yanacaq, taxıl və digər malların daşınmasına qoyulan bu yeni məhdudiyyətlər Avropada iqtisadi böhranı daha da gücləndirir.

Qeyd edək ki, keçən həftə gəmilər Reyn çayında hərəkət edə bilirdi, lakin onlar qismən yüklənməli olurdular. Digər yandan, şirkətlərin dəmir yolu və ya avtomobil yolu ilə daşımalara keçmək imkanları məhduddur. Məsələn, çay gəmisi orta hesabla 1 000 ton taxıl götürə bilər ki, bu həcmi quru yolu ilə daşımaq üçün təxminən 40 yük maşını lazım olardı.

Almaniya hökumətinin məlumatına görə, çayın əsas ərazilərində suyun səviyyəsi bu il üçün qeyri-adi dərəcədə aşağı səviyyədə olub və yaxın 3-4 gündə daha 10-15 sm azala bilər.

Sinoptiklər gələn həftənin ortalarına kimi çaylarda suyun səviyyəsinin artacağını vəd etsələr də, hökumət bunun kifayət etməyəcəyini etiraf edir.

Son xəbərlər

Orphus sistemi