ABŞ-ın Respublikaçılar Partiyasının tərəfdarları olan seçicilərin yalnız yarısı qarşıdan gələn praymerizlərdə (ilkin seçkilərdə) Donald Trampa səs verməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu isə 2022-ci ilin yayından bəri keçmiş prezidentə dəstəyin rekord dərəcədə azaldığını əks etdirir.
Araşdırmaya görə, Trampın reytinqi sabiq prezidentin iştirak etmədiyi Respublikaçılar Partiyasının prezidentliyə namizədlərinin debatının yayımından əvvəl keçirilmiş sorğunun nəticələri ilə müqayisədə 6 faiz azalıb.
“Respublikaçı seçicilərin 50%-i praymerizdə Donald Trampa səs verməyi planlaşdırır”, - “Emerson College” Universitetinin analitik xidmətinin hesabatında deyilir.
Qeyd olunur ki, bu, “Emerson College”in sorğuları tarixində ən aşağı göstəricidir. Trampa dəstək səviyyəsi 2022-ci ilin iyul ayından bəri 55%-dən aşağı düşməmişdi, bu ilin aprelində isə sorğuda iştirak edən rekord sayda respublikaçı - 62% ona səs verməyə hazır idi.