Nazir: Aİ Qrenlandiya ilə bağlı ABŞ rüsumlarına cavab tədbirlərindən çəkinməlidir
- 20 yanvar, 2026
- 15:23
ABŞ-nin maliyyə naziri Skott Bessent Avropa ölkələrini Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı elan etdikləri rüsumlarla əlaqədar cavab tədbirləri görməkdən çəkinməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Davosda Dünya İqtisadi Forumu çərçivəsində çıxış edən Bessent ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqelərinə görə bir sıra Avropa ölkələrinə qarşı 25 faizlik rüsumlar tətbiq etmək planlarını şərh edərkən, Aİ hökumətləri və şirkətlərinin fasilə verərək hadisələrin inkişafına imkan yaratmalarını tövsiyə edib.
Onun fikrincə, ölkələrin ata biləcəyi ən pis addım Birləşmiş Ştatlara qarşı eskalasiyadır.
O, həmçinin Qrenlandiya ətrafındakı vəziyyətin digər ticarət mübahisələrindən fərqləndiyini vurğulayıb.
"Prezident Trampın Qrenlandiya haqqında dedikləri digər ticarət sövdələşmələrindən tamamilə fərqli bir məsələdir. Mən bütün ölkələri artıq əldə edilmiş razılaşmalara riayət etməyə çağırıram. Onlar daha çox müəyyənlik yaradır", - Bessent qeyd edib. Nazir həmçinin Avropa ölkələrinin Vaşinqtonun təzyiqinə ABŞ dövlət istiqrazlarını satmaqla cavab verə biləcəyi barədə fərziyyələri də rədd edib.
"Mən bunu tamamilə yanlış şərh hesab edirəm. Bu, istənilən məntiqə ziddir və mən bununla qəti şəkildə razı deyiləm", - o əlavə edib və media orqanlarını "isterik" reaksiya verməkdə və bir analitik hesabatdan yapışmaqda ittiham edib.
Söhbət "Deutsche Bank"ın analitiki Corc Saravelosun qeydindən gedir. O, Avropanın ABŞ-nin ən böyük kreditori olduğunu bildirib. Analitikin qiymətləndirməsinə görə, Avropa ölkələri ABŞ-nin təxminən 8 trilyon dollar məbləğində istiqraz və səhmlərinə sahibdir ki, bu da dünyanın qalan hissəsinin ümumi investisiyalarından demək olar ki, iki dəfə çoxdur.