Londonda İranın xeyrinə casusluq işi üzrə dörd nəfər həbs edilib

Digər ölkələr
  • 06 mart, 2026
  • 12:54
Londonda İranın xeyrinə casusluq işi üzrə dörd nəfər həbs edilib

Böyük Britaniyanın paytaxtında İranın xeyrinə casusluqda şübhəli bilinən dörd nəfər həbs edilib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, London polisi casusluqla bağlı istintaq çərçivəsində dörd nəfəri həbs edib.

Saxlanılan şəxslər İranın kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinir. İttihamnamədə qeyd olunur ki, onlar Londonun yəhudi icması ilə əlaqəli obyektləri və şəxsləri izləyiblər.

Londonun antiterror polisinin rəhbəri Helen Flanaqan həbslərin uzunmüddətli istintaqın bir hissəsi olduğunu bildirib.

"Biz başa düşürük ki, ictimaiyyət, xüsusilə yəhudi icmasının nümayəndələri narahat ola bilər. Həmişə olduğu kimi, mən onlardan sayıq olmağı və şübhəli bir şey görəndə və ya eşidəndə bizə xəbər verməyi xahiş edirəm", - o qeyd edib.

Polisin məlumatına görə, saxlanılanlardan biri İran vətəndaşı, üçü isə Britaniya-İran vətəndaşlığına malik şəxslərdir.