"Pampuşun səyahəti" kitabının təqdimatı keçirilib

Mədəniyyət siyasəti
  • 25 oktyabr, 2026
  • 15:45
Pampuşun səyahəti kitabının təqdimatı keçirilib

Uşaqlar üçün nəzərdə tutulan "Pampuşun səyahəti" adlı kitabın təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, təqdimat XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində baş tutub.

Kitabın müəllifi Sərvinaz Eminova bildirib ki, "Pampuşun səyahəti" onun ilk kitabıdır. Müəllifin sözlərinə görə, əsərin əsas məqsədi uşaqları özlərini olduqları kimi qəbul etməyə, hisslərini anlamağa, fərqliliklərə hörmətlə yanaşmağa və ətraf aləmi kəşf etməyə təşviq etməkdir.

S.Eminova qeyd edib ki, kitab vasitəsilə həm uşaqların, həm də onlarla birlikdə əsəri oxuyan böyüklərin diqqətini rəqəmsal vasitələrdən təbiətin gözəlliklərinə yönəltmək istəyib. O vurğulayıb ki, səma və buludlar insanın daxili dünyası, hissləri və xəyal gücü barədə söhbətlər üçün maraqlı mövzu ola bilər.

Müəllif əlavə edib ki, kitab buludlardan ilhamlanan "Buludlar" yaradıcılıq layihəsinin bir hissəsidir.

"Layihə insanları təbiətə daha diqqətlə baxmağa, buludlarda müxtəlif obrazlar görməyə və gündəlik həyatın içindəki gözəllikləri kəşf etməyə həvəsləndirir. Layihənin əsas məqsədi təbiətlə insan arasında mənəvi bağ yaratmaq və yaradıcılığa marağı artırmaqdır", – S.Eminova bildirib.