Azərbaycan və İspaniya arasında ticari-iqtisadi münasibətlərin inkişafı üçün əhəmiyyətli potensial mövcuddur.
Bu barədə “Report”a Panavropa İttifaqının baş katibi Karlos Uriarte Sançes bildirib.
Onun sözlərinə görə, tərəflər kənd təsərrüfatı və su təchizatı kimi sahələrdə əməkdaşlığı dərinləşdirə bilərlər.
K.Sançes həmçinin bərpa olunan enerji mənbələri sahəsində tərəfdaşlıq imkanlarını qeyd edib: "İspaniya bu sahədə lider mövqe tutur. Siz bizim təcrübəmizdən, texnologiyalarımızdan və avadanlıqlarımızdan - günəş batareyaları, külək mühərrikləri və s. istifadə edə bilərsiniz. Biz də öz növbəmizdə Azərbaycandan elektrik enerjisi, qaz və yanacaq idxal edə bilərik".
O vurğulayıb ki, Azərbaycanda xaricdə az tanınan digər perspektivli istiqamətlər mövcuddur: "Sizin gözəl şərabınız və zeytun yağınız var - bunlar haqqında da danışmağa dəyər".
K.Sançes əlavə edib ki, ənənələrdə və mədəniyyətdə müəyyən oxşarlıqlara baxmayaraq, iki ölkənin xalqları hələ də bir-birini kifayət qədər yaxşı tanımırlar. "Biz şübhəsiz ki, bunu yaxşılaşdırmalıyıq”, – baş katib sonda bildirib.