İsrail ordusunun Beyrutun cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 37-yə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Dahiyadakı faciə yerində dağıntılar hələ də təmizlənir.
İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun cənub ətrafına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a yüksəlib, 66 nəfər yaralanıb.
“Report” AP-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin icmalında deyilir.
Təxminən 20 nəfər itkin düşüb.
Yerli mülki müdafiə xidmətinin məlumatına görə, Əl Qaim məhəlləsində dağılmış iki evin qalıqları olan yerdə axtarış-xilasetmə əməliyyatı davam edir. Mümkün qurbanların axtarışı üzrə dağıntılar təmizlənir.
Xatırladaq ki, daha əvvəl “Hizbullah” hərəkatının silahlı qanadı İsrailin hava hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü təsdiqləmişdi.