İsrail Müdafiə Qüvvələri (İMQ) bazar günü gecə Qəzza zolağının şimal hissəsinə endirilmiş hava zərbələri nəticəsində ölənlərin sayı haqqında məlumatın həqiqətəuyğun olmadığını iddia edib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.
Qeyd olunub ki, HƏMAS tərəfindən dərc edilmiş qurbanlar haqqında məlumatlar “şişirdilmiş və İMQ-nin istifadə olunan sursatın növü və onun dəqiqlik dərəcəsi haqqında məlumatlarına uyğun deyil”.
“İsrail Müdafiə Qüvvələri HƏMAS mənbələri tərəfindən yayılan məlumatları incələməyə davam edəcək və media orqanlarını onlara ehtiyatla yanaşmağa çağırır”, – mətbuat xidməti bildirib və vurğulayıb ki, hərbçilər “dəqiq hərəkət edir və mülki əhaliyə fəsadlardan qaçmaq üçün mümkün olan hər şeyi edirlər”.
Xatırladaq ki, daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimalındakı Beyt-Lahiya şəhərinə endirdiyi zərbələr nəticəsində onlarla insanın öldüyü, yüzdən çox insanın yaralandığı bildirilmişdi.