Fransada BFMTV-nin binasında partlayış təhdidinin yalan olduğu üzə çıxıb - YENİLƏNİB

Digər ölkələr
  • 16 noyabr, 2025
  • 00:24
Fransada BFMTV-nin binasında partlayış təhdidinin yalan olduğu üzə çıxıb - YENİLƏNİB

Fransanın BFMTV telekanalı studiyasının yerləşdiyi binada partlayış təhlükəsi barədə daxil olan xəbərdarlıq səbəbindən iki saatdan çox çəkən fasilədən sonra normal yayımını bərpa edib.

"Report"un məlumatına görə, bu barədə telekanalın efirində bildirilib.

"Məhəllədə adi həyat bərpa olunub, binanın qarşısında yol hərəkəti yenidən başlayıb. Adətən, bu cür hadisələr barədə danışırıq, amma bu dəfə məhz BFMTV ilə baş verdi. Buradakı 10 illik fəaliyyətim ərzində ilk dəfədir, belə bir şeylə qarşılaşıram", – telekanalın müxbiri İqor Sairi deyib.

Təhdid 13 noyabr 2015-ci il terror aktlarının ildönümü və hazırkı terror təhlükəsi səviyyəsi nəzərə alınaraq ciddi qəbul edilib. Nəticədə RMC BFM media qrupunun bütün kanallarında verilişlərin yayımı dayandırılıb.

Telekanal əməkdaşlarına yalnız saat 17:35-də (Bakı vaxtı ilə 20:35) işə qayıtmağa icazə verilib. Polis bütün binanı və ətrafını yoxladıqdan sonra təhlükəli əşya aşkar etməyib.

Telekanal qeyd edib ki, Fransada böyüklər və ya yeniyetmələr tərəfindən yayılan saxta bomba xəbəri üçün 30 min avroya qədər cərimə və iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Fransanın 24 saat fəaliyyət göstərən BFMTV xəbər telekanalının yayımı, studiyasının yerləşdiyi binaya partlayış təhlükəsi barədə verilən məlumat səbəbindən pozulub.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yazıb.

Məlumata əsasən, aparıcılar studiyanı tərk etməli olublar. Yerli vaxtla saat 15:19-da (Bakı vaxtı ilə 18:19) telekanal binasında əməkdaşların təxliyəsi elan edilib. Polis əməkdaşları Parisin XV dairəsində yerləşən binaya gəlib. Yoxlama bir internet istifadəçisinin telekanalın studiyasının yerləşdiyi binanın saat 15:15-də partlayacağını yazmasından sonra başlayıb.

Hazırda BFMTV efirində köhnə sənədli filmlər yayımlanır. Telekanal "X" sosial şəbəkəsində açıqlama yayaraq yayım cədvəlindəki dəyişiklikləri təhdidlə izah edib:

"Binamızda təhdid səbəbindən təxliyə elan olunub. Polis yoxlama aparmaq üçün əraziyə gəlib. Verilişlərimizin yayımı dayandırılıb. Komandalarımız yayımı mümkün qədər tez bərpa etməyə çalışır", – açıqlamada bildirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti