Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası husilərin nəzarətində olan ərazilərin bir hissəsini azad etmək məqsədilə bütün cəbhələrdə genişmiqyaslı hərbi əməliyyata başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Al Hadath" TV məlumat yayıb.
Ərəb koalisiyasının nümayəndəsi bildirib ki, husilər ölkədə münaqişənin siyasi həlli prosesinə xələl gətirir və dialoqdan imtina edirlər.
Bundan əvvəl yanvarın 10-da ərəb koalisiyasi husi qoşunlarının Yəmənin mərkəzindəki Şabva əyalətindən tamamilə çıxarıldığını elan edib.
2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli - ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.