Börge Brende Epşteynlə əlaqələrinə görə Davos Forumunun rəhbəri vəzifəsindən istefa verib
- 26 fevral, 2026
- 16:19
Davos İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Börge Brende Ceffri Epşteyn işi ətrafındakı qalmaqal fonunda vəzifəsindən istefa verdiyini elan edib.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 2017-ci ildən Brendenin rəhbərlik etdiyi Dünya İqtisadi Forumu bir neçə həftə əvvəl onun Epşteynlə mümkün əlaqələri ilə bağlı araşdırmaya başlayıb.
"Hərtərəfli düşündükdən sonra Dünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru vəzifəsindən getmək qərarına gəldim. Mənim burada 8 il yarım davam edən fəaliyyətim son dərəcə səmərəli olub" - Brende bildirib.
Bəyanatda Epşteynin adı çəkilməyib.
Agentlik qeyd edib ki, ABŞ Ədliyyə Nazirliyinin dərc edilmiş sənədlərinə görə, Brende Epşteynlə üç dəfə işgüzar şam yeməklərində görüşüb və o artıq cinsi cinayətlərdə təqsirli bilinəndən sonra da onunla elektron poçt və SMS vasitəsilə yazışıb.
B.Brende bildirib ki, 2018-ci ildə onunla ilk görüşünə qədər Epşteynin keçmişi və cinayət fəaliyyəti barədə məlumatı olmayıb və onun barəsində hərtərəfli araşdırma aparmadığına görə peşmandır.
Ceffri Epşteyn - azyaşlıların cinsi istismarına görə məhkum olunmuş amerikalı maliyyəçidir.
Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızların gətirildiyinə dair sübutların olduğunu açıqlayıb. Onlardan ən gənci 14 yaşında olub.
Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dən deyil, bir çox digər ölkələrdən də çoxsaylı hazırkı və keçmiş dövlət rəsmiləri, sabiq dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları yer alıb. ABŞ-də maliyyəçiyə qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.