Çexiya Prezidenti Fiala hökumətinin istefasını qəbul edib - YENİLƏNİB
- 06 noyabr, 2025
- 19:16
Çexiya Prezidenti Petr Pavel Baş nazir Petr Fiala hökumətinin istefasını qəbul edib və kabinetinə yeni hökumət təyin olunana qədər fəaliyyət göstərməyi tapşırıb.
"Report" xəbər verir ki, ČTK agentliyi mərasimi Praqa qəsrindən canlı yayımlayıb.
"Cənab Baş nazir, hökumətinizin istefasını qəbul edirəm və eyni zamanda sizə yeni hökumət formalaşana qədər fəaliyyət göstərməyi tapşırıram", - Pavel bildirib.
Çexiyanın Baş naziri Petr Fialanın rəhbərlik etdiyi hökumət istefa verib.
"Report"un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəhbəri bildirib və onun sözlərini ČTK agentliyi yayıb.
Daha əvvəl ölkə Prezidenti Petr Pavel müxalifətdəki sağçı ANO partiyasının lideri Andrey Babişə yeni hökumətin formalaşdırılmasını tapşırıb.
Konstitusiyaya əsasən, istefanı Prezident qəbul edəcək və hazırkı nazirlər yeni hökumət təyin edilənə qədər müvəqqəti olaraq öz vəzifələrini icra etməyə səlahiyyətli olacaqlar.