Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell yerli liderlərlə Yaxın Şərqdəki münaqişəni müzakirə etmək üçün yanvarın 5-dən 7-dək Livanda səfərdə olacaq.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, səfər zamanı Borrell Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati, xarici işlər naziri vəzifəsini icra edən Abdulla Bu Həbib, Livan Silahlı Qüvvələrinin komandanı və başqaları ilə görüşəcək.
Bəyanatda deyilir ki, tərəflər İsrail və Livan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər.
Daha əvvəl Livan HƏMAS-ın Beyrutdakı qərargahına israilin 6 raket zərbəsi endirdiyini, nəticədə 6 nəfərin öldüyünü bildirmişdi.