Boliviyada təyyarə qəzasında ölənlərin sayı 24-ə yüksəlib
- 03 mart, 2026
- 06:44
Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin El-Alto şəhərində avtomobillərlə toqquşması nəticəsində azı 24 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "ED24" telekanalının efirində yerli polisin rəisi Eriberto Valensiya bildirib.
"Həlak olan 22 nəfər barədə məlumat var idi, lakin hazırda 24 nəfərin öldüyü məlumdur", - deyə o qeyd edib.
Boliviyanın səhiyyə naziri Marsela Flores isə, öz növbəsində, bildirib ki, yaralananlardan iki nəfərin vəziyyəti kritikdir. Ümumilikdə, daha əvvəl 37 yaralı barədə məlumat verilmişdi.
Fevralın 27-də "C-130 Hercules" tipli təyyarə El-Alto hava limanına eniş edərkən uçuş zolağından kənara çıxaraq avtomobillərlə toqquşub. Faciənin mümkün səbəbləri arasında uçuş-eniş zolağının buz bağlaması göstərilir.