“Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək mülki itkilərin sayı 23 min 600-ə çatıb".
"Report"un ABŞ bürosu xəbər verir ki, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bu barədə BMT Təhlükəsizlik Şurasının sessiyasında Ukraynadakı humanitar vəziyyətlə bağlı çıxışı zamanı deyib.
BMT rəsmisi qeyd edib ki, müharibə ilə yanaşı sərt qışdan çıxan Ukraynada mülki itkilərin sayı son aylarda ən yüksək həddə çatıb və real rəqəmlər daha çox ola bilər.
M. Qriffits BMT-nin bölgəyə humanitar yardım çatdırılmasında hələ də bəzi ciddi maneələrlə üzləşdiklərini deyib: “Bu ilin ilk rübündə təxminən 3,6 milyon insanın humanitar yardım alıb, ancaq daha çox yardımlara ehtiyac var. Taxıl Təşəbbüsünün davam etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bütün tərəfləri üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırırıq. Humanitar ərzaq yardımı əməliyyatları üçün proqnozlaşdırıla bilən tədarük təmin edilməlidir”.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynanı işğal etməyə başlayıb. Rusiya-Ukrayna müharibəsindən sonra başlayan taxıl böhranını aradan qaldırmaq üçün Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Hazırda taxıl sazişi üzrə müqavilənin müddətinin uzadılması üçün danışıqlar davam edir.