Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası cümə günü BMT-nin Sudandakı Keçid Dəstəyi Missiyasına (UNITAMS) xitam verilməsi ilə bağlı Böyük Britaniya tərəfindən hazırlanmış qətnamə layihəsinin lehinə səs verib.
“Report” xəbər verir ki, Təhlükəsizlik Şurasının 14 üzvü qətnamə layihəsinin lehinə çıxış edib, Rusiya isə səsvermədə bitərəf qalıb.
Britaniya qətnaməsi Sudan hökumətinin noyabrda UNITAMS-ın fəaliyyətini dayandırmaq qərarından sonra qəbul edilib.
BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi məktubda Sudan hökuməti qeyd edib ki, dünya təşkilatının missiyası ölkədəki vəziyyəti daha da pisləşdirib və artıq xalqın və hakimiyyətin istəklərinə cavab vermir. Eyni zamanda məktubda qeyd olunub ki, Sudan Nazirlər Kabineti ölkə üçün müsbət nəticələr verə biləcək yeni formulun hazırlanması üçün BMT ilə konstruktiv işləməyə hazırdır.