ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus olan və Bağdad hava limanının yaxınlığında yerləşən Viktoriya hərbi bazası raket hücumuna məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə İraqın “Shafaq News” informasiya portalı məlumat yayıb.
Yerli təhlükəsizlik qüvvələrindəki mənbənin məlumatına görə, bazaya doğru üç mərmi atılıb. Onlardan biri hərbi obyektin yaxınlığına, ikincisi antiterror xidmətinin alaylarından birinin qərargahının yanına, sonuncusu isə hava limanının uçuş-enmə zolağının bilavasitə yaxınlığına düşüb.
Qeyd olunur ki, hərbçilər atəşin açıldığı yeri müəyyən ediblər, bu, Bağdadın qərbindəki əl-Amriya rayonu olub, koalisiya qüvvələri raketdən müdafiə sistemini işə salıblar.
Dəymiş maddi ziyan barədə məlumat verilmir. Hələlik heç bir təşkilat hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.