Belarus Suriyadakı səfirliyinin əməkdaşlarının təxliyə edilməsinə baxmayaraq, adıçəkilən ölkədəki diplomatik mövcudluğunu saxlayır.
“Report” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Hazırda Suriyada diplomatik mövcudluğumuzu saxlayırıq. Beynəlxalq hüquq baxımdan bu kontekstdə heç nə dəyişməyib. Diplomatik və dövlətlərarası əlaqələrimiz davam edir. Lakin logistik və digər məsələləri nəzərə alaraq, hazırkı mərhələdə Belarus diplomatik missiyasının işinin Livan ərazisindən təşkili qərara alınıb. Texniki məsələlərin bir hissəsi artıq həll olunub”, - diplomatik qurumdan bildirilib.
Xatırladaq ki, dekabrın 15-də Belarus XİN-in mətbuat xidməti ölkənin bütün diplomatlarının Suriyanı tərk etdiyini bildirib. Konsulluq fəaliyyətini davam etdirmək və vətəndaşlara lazımi köməklik göstərmək üçün Livanın paytaxtı Beyrutda Belarusun Suriyadakı səfirliyinin müvəqqəti konsulluq məntəqəsi açılıb.