Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Minsk və Bakı arasında qarşılıqlı ticarətin əsas artım üsullarını müəyyən edib.
“Report” BELTA-ya istinadən xəbər verir ki, diplomat bunu bu gün jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan bizim üçün sadəcə tərəfdaş deyil, həm də strateji tərəfdaşdır", - o qeyd edib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın istiqamətləri yaxşı strukturlaşdırılıb və Belarus Prezidentinin Azərbaycana son səfəri zamanı aktuallaşdırılıb. Qarşılıqlı fəaliyyətin əsasını sənaye və emal təşkil edir.
D.Pineviç iki ölkənin səhiyyə sistemlərində əməkdaşlığın inkişafını, təhsil proqramları da daxil olmaqla əczaçılıq və bioloji sənaye, İT sahəsində qarşılıqlı fəaliyyəti nümunə gətirib. Onun fikrincə, bu, mədəniyyətlərarası əlaqələrin inkişafına təkan verəcək.
"Əgər biz müxtəlif təmas nöqtələri ilə bağlı belə bir hərtərəfli dinamika yaratsaq, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında arzuolunan nəticəyə nail olacağıq", - səfir əlavə edib.
Onun fikrincə, ən perspektivli istiqamətlər əczaçılıq və bioloji sənaye sahələridir, çünki bu sahələr məhsulun yüksək əlavə dəyəri ilə xarakterizə olunur. Pineviç, həmçinin qeyd edib ki, hər iki tərəf əməkdaşlığa maraq göstərir və ölkələrin bir-birinə təklif edə biləcəyi nələrsə var.
"Bu, ikitərəfli hərəkət yoludur. Azərbaycan yüksək inkişaf etmiş sənaye və aqrar ölkədir. İstər sənaye, istərsə də sosial siyasət olsun, hər bir sahədə Azərbaycanın öz nailiyyətləri var və onlar bizim uğurlarımızla birləşdirilə bilər. Bu əsasda biz elm, mədəniyyət və digər istiqamətləri əhatə edən birgə istehsal və layihələr yarada bilərik", - diplomat vurğulayıb.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Dmitri Pineviçi ölkənin Azərbaycanda yeni səfiri təyin edib.