ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Amerika prezidenti ilə Almaniya hökumətinin nümayəndələri arasında danışıqlar oktyabrın 11-nə planlaşdırılıb. Bayden oktyabrın 12-dək Almaniyada qalacaq, sonra isə Afrikaya gedəcək.
Nəşrin məlumatına görə, Berlin polisi yaxın günlərdə ABŞ Prezidentinin Almaniya paytaxtında olduğu müddətdə təhlükəsizlik tədbirləri üzərində işləmək niyyətindədir.
Ağ Evin sözçüsü Karine Jan-Pyer xəbəri təsdiq edərək bildirib ki, ABŞ Prezidenti Co Bayden oktyabrın 10-15-də Almaniya və Anqolaya səfər edəcək və bu ölkələrin rəhbərliyi ilə görüşlər keçirəcək:
“Almaniyada Bayden ABŞ və Almaniya arasında münasibətləri daha da gücləndirmək və ümumi prioritetlər üzrə hərəkətləri əlaqələndirmək üçün hökumət rəsmiləri ilə görüşəcək. ABŞ prezidenti həmçinin Berlinin Ukraynaya dəstəyini, eləcə də ABŞ, Almaniya və bütün NATO alyansının təhlükəsizliyinə verdiyi töhfəni qeyd edəcək. Bayden oktyabrın 13-dən 15-dək Anqolada qalacaq və prezident Joau Lourensu ilə görüşəcək, onunla ümumi maraqlar və iqtisadi tərəfdaşlıq sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcək”.
Qeyd edək ki, Bayden artıq ABŞ Prezidenti kimi Almaniyaya səfər edib. Xüsusilə, 2022-ci ildə demokrat Elmauda Yeddilik Qrupunun sammitində iştirak edib. Lakin o, prezidentliyi dövründə Almaniyaya nə işgüzar, nə də dövlət səfəri etməyib.