Müharibənin ilk günlərindən Rusiya ordusunun zəbt etdiyi Xarkov vilayətinin İzyum şəhəri və ətraf qəsəbələr 7 aya qədər işğal altında olub.
"Report"un Şərqi Avropa bürosunun əməkdaşı sentyabrın 11-də Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilən İzyum şəhərində olub.
Ukraynanın şimal-şərqi üçün strateji əhəmiyyət kəsb edən İzyum uğrunda döyüşlər uzun müddət beynəlxalq gündəmi də zəbt etdi. Bu müddətdə Rusiyanın Ukrayna ərazisində ən aparıcı qərargahlarından biri də məhz İzyumda idi. Təxminən, 10 gün əvvəl azad olunan bu şəhərdə demək olar ki, 7 ay ərzində həyat tamamilə sönüb - evlər dağıdılıb, bütün kommunikasiyalar məhv edilib, şəhərdə qalan insanlar hətta içməli suyu belə Ukraynanın digər bölgələrindən gətirilən humanitar yardımla keçinirlər.
Qeyd edək ki, İzyum azad olunandan sonra burada Rusiya Silahlı Qqüvvələri tərəfindən salınmış 3 kütləvi məzarlıq tapılıb. Şəhər kənarında salınmış bu məzarlıqların hər birində 400-450 ukraynalının basdırıldığı müəyyən olunub.