Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasının işığı kəsilib

Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasının işığı kəsilib Almaniya Qırmızı Xaç Cəmiyyəti bu qərarı “qeyri-insani hərəkət” kimi qiymətləndirib
Digər ölkələr
27 İyul , 2020 11:16
Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasının işığı kəsilib

Almaniyanın Frankfurt şəhərində yerləşən və azərbaycanlı sığınacaq axtaranların da qaldığı yataqxananın elektrik enerjisi kəsilib.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, buna yataqxanada əlavə elektrik cihazlarından istifadəyə qoyulan qadağanın pozulması səbəb olub.

Yataqxananın idarə edilməsindən məsul olan “Diakonie” təşkilatı ötən gün elektrik enerjisinin kəsilməsi ilə bağlı göstəriş verib. Qərar qaçqınların hüquqlarının müdafiəsi ilə məşğul olan bir çox təşkilat tərəfindən birmənalı qarşılanmayıb.

Almaniya Qırmızı Xaç Cəmiyyəti bu qərarı “qeyri-insani hərəkət” kimi qiymətləndirib. Cəmiyyətdən bildirilib ki, “Diakonie” təşkilatı problemi həll etmək əvəzinə insanları cəzalandırır.

“Diakonie” rəhbərliyi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, yataqxananın elektrik xətlərində olan həddindən artıq yüklənmə səbəbindən bu addımı atmaq məcburiyyətində qalıblar. Qeyd olunub ki, qərar mövcud yanğın təhlükəsizliyi ilə bağlı təlimata əsasən qəbul edilib və qanunidir.

“Bu yataqxanada bir neçə dəfə yanğın çıxıb. Ümumi mətbəxin olmasına baxmayaraq sakinlər otaqlarında elektrikli sobalardan istifadə edirlər. Nəticədə xətlər yüklənir və elektrik bloklarında tez-tez partlayışlar baş verir. Bunun qarşısını almaq üçün əvvəlcə sakinlərə xəbərdarlıq edilib. Daha sonra polis və kampın təhlükəsizlik xidmətinin əməkdaşları ilə birgə bir-bir otaqlara girilib və bütün elektrik cihazları müsadirə edilib. Lakin ötən gün məlum olub ki, bəzi sakinlər yenə də elektrik cihazlarından istifadə edirlər” - təşkilatdan bildirilib.

Qeyd edək ki, Frankfurtdakı bu yataqxanada 8-i Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 300 nəfərə yaxın sığınacaq axtaran yaşayır. Onların problemi isə təkcə elektrik enerjisi deyil. Yataqxana sakinlərinin çoxu dəri xəstəlyindən əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi