Fidan Ağ Evdə ABŞ rəsmiləri ilə görüşüb - YENİLƏNİB
- 11 noyabr, 2025
- 03:52
Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtona ABŞ dövlət katibi Marko Rubio, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Birləşmiş Ştatların Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, habelə Ağ Evdə digər rəsmilərlə görüşmək üçün dəvət olunduğunu bildirib.
"Report" xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O, səfərinin Suriya Prezidenti Əhməd Əl Şaraanın səfəri ilə üst-üstə düşdüyünü əlavə edib.
Fidan vurğulayıb ki, keçirdiyi görüşlərdə Türkiyənin Suriya ilə bağlı ümumi baxışları, ABŞ ilə əməkdaşlıq imkanları diqqət mərkəzində olunub, tərəflər Suriyanın inkişafı, birliyi, həmrəyliyi, sülh, regional təhlükəsizliklə bağlı bir çox məsələləri müzakirə etmək imkanı qazanıblar.
Görüşlərdə Rusiya-Ukrayna müharibəsi də müzakirə mövzusu olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı bəzi fikirlərinin olduğunu, bəzi qiymətləndirmələrin və atılacaq addımların müəyyən edildiyini bildirib.
Fidan həmçinin ABŞ-nin İranın nüvə danışıqları ilə bağlı mövqeyini və bundan sonra atılacaq zəruri addımları qiymətləndirdiklərini qeyd edib. Nazir vurğulayıb ki, bu məsələ region üçün əhəmiyyətli dərəcədə aktuallıq kəsb etdiyi üçün geniş fikir mübadiləsi aparılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ağ Evdə ABŞ dövlət katibi Marko Rubio ilə görüşü başlayıb.
"Report" "Milliyət"ə istinadən xəbər verir ki, Fidan Rubio il ilə Qəzza və Suriya məsələləri başda olmaqla bir sıra regional məsələləri müzakirə edəcək.
Detallar hələlik açıqlanmır.