Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzusunda panel iclası keçirilib.
"Report"un xəbərinə görə, iclasın moderatoru Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev olub.
Əvvəlcə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov işğaldan azad olunmuş ətrazilərdə aparılan quruculuq işlərindən danışıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxışında deyib ki, Azərbaycan Prezidenti 2030-cu ilə qədər inkişafla bağlı 5 əsas komponent müəyyənləşdirib:
"Bura rəqabətqabilyiyətli iqtisadiyyat, inklüziv cəmiyyət, insan kapitalının inkişafı, innovasiyalar, yaşıl iqtisadiyyatın inkişafı daxildir. Bundan çıxış edərək, artıq inkişafla bağlı 2022-2026-cı illər üçün strategiya hazırlanıb, yaxın vaxtlarda Prezident tərəfindən imzalanacaq".
E.Əliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 30-a qədər kiçik su elektrik stansiyası var, onların özəl-dövlət tərəfdaşlığı ilə yenidən qurulması üçün nəzərdə tutulur:
"İşğaldan azad olunmuş ərazilərdə yataqların xarici investorlarla birgə istismarı da gündəmdədir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərlə bağlı digər planlarımız da məlumdur. Məsələn, Şuşa mədəniyyət mərkəzimizdir, Cəbrayıl logistik hab olacaq, çünki Zəngəzur dəhlizi oradan keçəcək. Digər işğaldan azad olunmuş ərazilərimizlə bağlı da konkret planlarımız var. Eyni zamanda biz dövlət olaraq maraqlıyıq ki, məsələn, uzaq Nigeriyadan kiçik investisiyalar da olsa, işğaldan azad olunmuş ərazilərə investisiyalar qoyulsun. Bizim üçün əsas problem minaların təmizlənməsidir. Bu, vaxt aparır. Əgər ərazilərin minalardan təmizlənməsi qısa müddətdə başa çatarsa, regionumuz daha sürətlə və tez inkişaf edər.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı Fondun iş prinsipi və gördüyü işlər barədə məlumat verib. O, Qarabağın bərpası istiqamətdə diasporla fəal əməkdaşlıq etmək istədiklərini bildirib.
Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru, “YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina “YAŞAT" Fondunun dəstəyi ilə qazilərin müalicəsi istiqamətində görülən işlərdən danışıb.
Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Niyazi Niyazov qeyd edib ki, inkişafı təhsil sistemindən kənar təsəvvür etmək olmaz:
"Qarabağda yaradılacaq təhsil müəssisələri universal təhsil müəssisələri olmalıdır. Digər tərəfdən, Qarabağ zonasında yaşıl şəhərlər və kəndlər qurmaq istəyiriksə, ali təhsil əvvəl orta ixtisas təhsilinə xüsusi diqqət yetirməliyik".Amerika orta qərb ştatları üzrə Azərbaycan mərkəzi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Esmira Bayramova dünyada ağıllı şəhərlərin həm də turizm mərkəzləri olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, Qarabağda ağıllı şəhərlərin yaradılması həm də turizmin inkişafına səbəb olacaq.
Panel sual və təkliflərin səsləndirilməsilə davam etdirilib.