ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nyu-York şəhərində fəaliyyət göstərən türk icmasının nümayəndələri ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, görüş yeni istifadəyə verilən “Türk evi”də baş tutub.
F.Muradovu konsulluq binasında Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür qarşılayıb. Görüşdə hər iki qardaş ölkənin dövlət himinləri səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.Muradov tarix boyu daima bir-birinə arxa dayaq olan Azərbaycan-Türkiyə dostluq-qardaşlıq əlaqələrindən söz açıb. Dövlət Komitəsinin sədri xüsusilə son illərdə Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üçün xaricdə yaşayan türk icmalarının Azərbaycan diasporuna güclü dəstək verdiyini və iki qardaş ölkənin icmalarının birgə fəaliyyətinin nəticəsi olaraq uğurlu layihələrin reallaşdığını deyib: “Azərbaycan və türk diasporları arasındakı əlaqələrin möhkəmlənməsi, kommunikasiyanın təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verir və bu, gələcək fəaliyyətimiz, "yol xəritəmiz" üçün olduqca vacibdir. İki ölkənin diasporlarının ötən ildə həyata keçirdiyi ortaq layihələr, fəaliyyətlərini mərkəzləşdirmələri Şuşa Bəyannaməsində əksini tapan və Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı müddəaların yerinə yetirilməsi üçün sarsılmaz təməl formalaşdırıb”.
Baş konsul R.Özgür isə çıxışında tarixi qələbəmizin ildönümü münasibəti ilə dünya azərbaycanlılarını təbrik edib. O, Azərbaycan və Türkiyə həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatlarımızın birgə fəaliyyətindən məmnunluğunu ifadə edib və iki qardaş diaspor təşkilatları arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə Baş konsul və Dövlət Komitəsinin sədri diaspor fəallarını maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb və onları maraqlandıran sualları cavablandırıblar. Müzakirələrdə xüsusilə ABŞ-da fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporları arasında səmərəli əməkdaşlığın genişləndirilməsi üçün nəzərdə tutulan tədbirlər planından bəhs edilib.
Görüşdən sonra F.Muradov və R.Özgür “Türk evi”binasında açılan və 44 günlük Vətən müharibəsində Zəfər tariximizdən bəhs edən sərgini gəzib, şanlı tariximizin əks olunduğu fotolarla tanış olub.