Birləşmiş Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərindəki mərkəzinin önündə Azərbaycan icmasının dinc aksiyası keçirilib.
Bu barədə “Report”a Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri Nuran Abdullayev məlumat verib.
O bildirib ki, aksiya iştirakçıları 30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz səsini ucaldıblar.
Aksiya zamanı “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!” şüarları nümayiş etdirilib.
Aksiya iştirakçıları BMT-nin Təhlükəsizlik Şurasını əməli fəaliyyətə keçməyə – Azərbaycanın Qarabağ bölgəsinin ətraf mühitini qorumağa, Ermənistanın ekosidinə son qoymağa, bərpa işləri üçün beynəlxalq yardım göstərməyə, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyini təmin etməyə və insan hüquqlarını qorumağa çağırış ediblər.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın hərbi və ekoloji cinayətləri izah edilib.
Qeyd edək ki, aksiyaya Alman-Azərbaycan Mədəniyyət Evinin nümayəndələri, Almaniyada çalışan bir neçə azərbaycanlı həkim, elm adamları da qatılıblar.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı məsələni müzakirəyə çıxarıb. Bu addım Ermənistanın xahişi, Fransanın təşəbbüsü ilə gündəliyə daxil edilib.